İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, o cümlədən gender bərabərsizliyini də dərinləşdirir.
"Report" xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşıdır.
M.Babayev qeyd edib ki, qadınlar bu məsələdə xüsusilə həssasdır:
"Bir-biri ilə əlaqəli iqlim və biomüxtəlifliklə bağlı böhranlar milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq qıtlığına səbəb ola bilər. Qadınlar həll yollarının ön cəbhəsindədirlər, iqlim problemlərinin həllində dözümlülük, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin mühüm dayaq nöqtəsi kimi qəbul etməliyik".
COP29 prezidenti vurğulayıb ki, şəffaflıq proseslərində gender bərabərliyinə siyasi dəstəyi gücləndirmək və onun iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək lazımdır.