COP29 "yaşıl siyasət"in Azərbaycan siyasətinin gündəliyinə gətirilməsinə səbəb olacaq - RƏY

COP29 "yaşıl siyasət"in Azərbaycan siyasətinin gündəliyinə gətirilməsinə səbəb olacaq - RƏY COP29 “yaşıl siyasətin” Azərbaycan siyasətinin gündəliyinə gətirilməsi və bu istiqamətdə qavrama səviyyəsinin artmasına səbəb olacaq.
COP29
21 Oktyabr , 2024 12:36
COP29 yaşıl siyasətin Azərbaycan siyasətinin gündəliyinə gətirilməsinə səbəb olacaq - RƏY

COP29 “yaşıl siyasət”in Azərbaycan siyasətinin gündəliyinə gətirilməsi və bu istiqamətdə qavrama səviyyəsinin artmasına səbəb olacaq.

Bunu “Report”a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, əgər COP29 çərçivəsində müzakirə edilən məsələlərə müvafiq diqqət ayrılarsa, bütün maraqlı tərəflər bu prosesdən faydalanacaq:

“Həmçinin, gələcəkdə bu çərçivədə müsbət təcrübələrin ölkəyə gətirilməsi və tətbiqi istiqamətində siyasət hazırlanacaqsa, bu zaman, əlbəttə ki, orta və uzunmüddətli dövrdə bütün maraqlı tərəflər, o cümlədən iqtisadiyyat, yerli icma və dövlət prosesdən müsbət mənada faydalanacaq. Xüsusilə də enerji mənbələrinin transformasiyası, yaşıl iqtisadi siyasətlərin, o cümlədən dairəvi iqtisadiyyatın təşəkkülü, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi baxımından potensial faydalar yüksəkdir”.

Mütəxəssis qeyd edib ki, yaşıllaşma, rəqəmsallaşma və intensiv iqtisadiyyata transformasiya kifayət qədər xərcli prosesdir:

Rəşad Həsənov
Rəşad Həsənov

“COP29 tədbirini maliyyəyə çıxış aspekti kimi daha kiçik hədəflərlə məhdudlaşdırmaq doğru olmazdı. Əslində, bu istiqamətdə hər hansı məhdudiyyətlərin olduğunu düşünmürəm. Əsas məqam əməkdaşlıqda maraqlı olmaqdır. Bunun üçün də dövlət fəaliyyətində beynəlxalq standartların, o cümlədən şəffaflıq və hesabatlılıq standartlarının tətbiqinə üstünlük verməlidir. Tədbirin maliyyəyə çıxış aspekti kimi daha kiçik hədəflərlə məhdudlaşdırmağın düzgün olmadığını düşünürəm. O ki qaldı beynəlxalq sərmayənin əhəmiyyətinə, əlbəttə ki, yaşıllaşma, rəqəmsallaşma və intensiv iqtisadiyyata transformasiya kifayət qədər xərcli prosesdir. Bu prosesin dövlət vəsaitləri hesabına həyata keçirilməsi səmərəlilik aspektindən ən uğursuz yanaşmadır. Yerli investorların maliyyə gücü adekvat deyil. Ona görə də xarici investisiya səmimi siyasətdə çox önəmlidir”.

O, xarici sərmayənin əhəmiyyətindən söz açaraq COP29 gündəliyinin və potensial öhdəliklərin gerçəkləşdirilməsi üçün xarici sərmayənin əhəmiyyəti ilə yanaşı, Azərbaycan üçün də bu məqamın vacibliyini vurğulayıb:

“Belə ki, işğaldan azad edilən ərazilərin bərpası, qeyri-resurs iqtisadiyyatına keçid prosesləri kifayət qədər böyük maliyyə tələb edir. Digər tərəfdən isə xarici maliyyəyə yalnız vəsait olaraq baxılması doğru deyil. Xarici sərmayə özü ilə paralel hesabatlılıq, şəffaflıq, inkişaf etmiş təcrübə, xarici bazarlarla əlaqə kimi ölçülə bilməyən qeyri-maddi üstünlüklər gətirir. Bunların hər birinin Azərbaycanın inkişafı aspektindən böyük faydaları var”.

R.Həsənovun fikrinə görə, Azərbaycandakı ekosistem hələ ki yüksək texnoloji inkişafı dəstəkləyəcək vəziyyətdə deyil:

“Dünyanın heç bir ölkəsi texnoloji transformasiyanı yalnız öz resursları hesabına həyata keçirmir. Buna görə bu sahədə asılılığın səviyyəsi yüksəkdir. Azərbaycan da hələlik mövcud ekosistem səbəbindən yüksək texnoloji inkişafı dəstəkləyəcək imkanlara sahib deyil və yaxın dövrdə buna nail olunması mümkünsüz görünür. Hazırda bu istiqamətdə rəqabət özünün tamamilə yeni mərhələsi, xüsusi ilə də süni intellektin maksimum səmərəli tətbiqi mərhələsinə keçir ki, bu da yerli iqtisadiyyat üçün hələki əlçatan deyil”.

İqtisadçı transformasiyanın əmək bazarına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə təsirinin qaçılmaz olduğunu deyir:

“Xüsusilə, yüksək ixtisaslı kadrlara tələbat daha da artacaq. Bir çox peşələr sıradan çıxacaq, əvəzində yeniləri yaranacaq. İndiki halda ölkədə insan kapitalının inkişaf səviyyəsi müvafiq çağırışların çox gerisindədir. Bu isə ilk dövrlərdə kadr çatışmazlığını ən böyük maneələrdən birinə çevirə bilər. Bununla belə, düşünürəm ki, rasional siyasətlərlə uzunmüddətli dövrdə əmək bazarında müvafiq adaptasiyaya böyük həcmdə nail olmaq olar”.

Mütəxəssis növbəti beş ildə "yaşıl enerji" istiqamətində sahibkar təşəbbüskarlığında inkişafın müşayiət olunacağını söyləyib.

“Sürətli texnoloji inkişaf sayəsində "yaşıl enerji"nin maya dəyəri sürətlə aşağı düşür. Bu isə öz növbəsində prosesdə iştirakçılığın cəlbediciliyini həm biznes həm də ailə təsərrüfatları üçün artırır. İstehsal prosesinin təşkili sahibkar üçün mövcud aktivlərini, məsələn dam örtüklərini daha səmərəli istifadəyə imkan yarada bilər. Nəticədə istehsal etdiyi enerjini həm daxili istehlakı və həm də satışı və bundan gəlir əldə etməsi üçün geniş imkanlar yaradır. Düşünürəm ki, növbəti beş il bu istiqamətdə sahibkar təşəbbüskarlığının inkişafı ilə müşayiət olunacaq. Əlbəttə ki, dövlətin də bu sahədə səmərəli təşviq siyasətləri və həllər təklif etməsi çox önəmlidir”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" bu gün "yaşıl enerji" siyasəti ilə davam etdirilir. Prezident İlham Əliyev isə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla Azərbaycanda yeni enerji qaynaqlarının yaradılmasına istiqamət verdi.

Son xəbərlər

Orphus sistemi