Diana Uolker: "2027-ci ilə qədər ABŞ-a 90 milyon turistin cəlb edilməsi nəzərdə tutulur"

Diana Uolker: "2027-ci ilə qədər ABŞ-a 90 milyon turistin cəlb edilməsi nəzərdə tutulur" Qida və materialların yük maşınları və dəmir yolu ilə daşınmasından yaranan emissiyalar turizm və səyahət sektorunun əsas təsir amillərindən biridir.
COP29
20 Noyabr , 2024 14:04
Diana Uolker: 2027-ci ilə qədər ABŞ-a 90 milyon turistin cəlb edilməsi nəzərdə tutulur

Qida və materialların yük maşınları və dəmir yolu ilə daşınmasından yaranan emissiyalar turizm və səyahət sektorunun əsas təsir amillərindən biridir.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin ofisinin baş məsləhətçisi Diana Uolker COP29 çərçivəsində keçirilən "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə bildirib.

D.Uolkerin sözlərinə görə, ABŞ hökumətinin 2022-ci il Milli Səyahət və Turizm Strategiyası turizm siyasətində əsas sənəd kimi qəbul edilib: "Bu sənəd turizmin yalnız miqyasını deyil, həm də onun dəyərini artırmağı hədəfləyir. Strategiyada 2027-ci ilə qədər ABŞ-a 90 milyon turistin cəlb edilməsi, turizmin kompleks və hərtərəfli inkişafının təmin edilməsi nəzərdə tutulur. İqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı turizmin təşviqi də strategiyanın prioritet istiqamətlərindən biridir.

Strategiyanın əsas məqsədləri arasında səyahət və turizmin iqlim dəyişikliyinə təsirinin azaldılması, təbii fəlakətlər və ictimai səhiyyə təhlükələrinə qarşı dayanıqlı turizm sektorunun qurulması xüsusi yer tutur. Bununla yanaşı, təbii resursların qorunması, turizm iqtisadiyyatının dəstəklənməsi və ədalətli inkişafın təmin edilməsi də nəzərdə tutulur".

O bildirib ki, strategiya həm milli, həm də yerli səviyyədə dayanıqlı inkişaf tədbirlərinin həyata keçirilməsini tələb edir: "Bu istiqamətdə ABŞ-ın Ticarət Departamentinin Milli Səyahət və Turizm İdarəsi Arizona ştatının Flagstaff şəhəri ilə birgə dayanıqlı turizm fəaliyyət planı hazırlamaq üçün pilot layihə həyata keçirir. Layihə çərçivəsində Flagstaff şəhərində turizm sektorunun ekoloji və sosial dayanıqlığının artırılması, eləcə də maraqlı tərəflərin fəal iştirakı ilə tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Bu təşəbbüs dayanıqlı turizm sektorunda həm azaldıcı, həm də uyğunlaşma tədbirlərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Biz turizm bəyannaməsini tam dəstəkləyirik və COP29 sədrinə bu mövzunu diqqət mərkəzinə gətirdiyi üçün təşəkkür edirik. Turizm sektorunda uyğunlaşma və azaldıcı tədbirlərin inkişaf etdirilməsi üzrə növbəti addımları səbirsizliklə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi