Qaz İxrac edən Ölkələr Forumu (GECF) və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Bakıda keçirilən COP29 çərçivəsində üçüncü koordinasiya görüşünü keçirib.
Bu barədə “Report” GECF-in məlumatına istinadən xəbər verir.
Məlumata görə, görüşdə iqlim dəyişikliyi və enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində iki təşkilatın qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
"GECF və OPEC həmfikir hökumətlərarası təşkilatlardır. Üzvlərimizə COP29 çərçivəsində danışıqların ən vacib istiqamətləri üzrə fikir və təcrübə mübadiləsi üçün platforma təqdim etmək vacibdir", - GECF-in rəhbəri Mohamed Hamel bildirib.
Qeyd olunub ki, tərəflər dayanıqlı inkişaf, enerji və iqlim dəyişikliyi ilə bağlı əsas mövzuları müzakirə ediblər.
Görüş iştirakçıları Paris Sazişi çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktual olan iqlim maliyyəsi, təsirlərin azaldılması, uyğunlaşma, itkilər və zərərlər, ədalətli və bərabərhüquqlu enerji keçidi, texnologiyaların ötürülməsi və potensialın artırılması kimi mühüm məsələlərin irəli sürülməsinin vacibliyini təsdiq ediblər.