Beynəlxalq qeyri-hökumət ekoloji təşkilatı olan “Greenpeace” COP29-da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılması məsələsinin həll edilməsinə çağırır.
Bu barədə “Report” təşkilatın məlumatına istinadən xəbər verir.
"Dünya liderləri inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni maliyyə hədəfini razılaşdıraraq, rekord temperatur artımına və emissiyaların artmasına cavab olaraq tədbirlər görməlidirlər", - məlumatda bildirib.
İqlim sahəsində siyasət üzrə ekspert Treysi Karti vurğulayıb ki, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) növbəti onillikdə iqlim dəyişikliyi ilə mübarizəyə artan xərcləri kimin ödəyəcəyini, eləcə də iqlim dəyişikliyi ilə bağlı ən az məsuliyyət daşıyan ölkələrin və cəmiyyətlərin lazımi dəstək alıb-almayacağını müəyyən etmək üçün şərait yaratmalıdır: "İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planları üçün trilyonlarla dollar lazımdır”.