Dünyada təxminən 3 milyard insan su qıtlığı ilə üzləşir və təbii fəlakətlərin 90 %-dən çoxu su ilə, o cümlədən quraqlıq və səhralaşma ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.
İ.Andersen çıxışında iqlim dəyişikliyi, təbiətin itkisi, torpaqların deqradasiyası, səhralaşma, biomüxtəlifliyin azalması, çirklənmə və tullantı böhranlarının su kontekstində birləşdiyini qeyd edib:
“Burada söhbət təkcə suyun çirklənməsindən deyil, həm də torpaq deqradasiyası səbəbindən çox sürətli axından, kifayət qədər torpaq nəmliyinin olmamasından və ya ekosistemlərin məhvi səbəbindən yağış yaratmaq üçün kifayət qədər buxarlanmanın baş verməməsindən gedir. Eyni zamanda daşqınlar və meşə yanğınları kimi fəlakətlərin artmasını müşahidə edirik. Təəssüf ki, bu cür yanğınlar getdikcə daha geniş yayılır. Hesabatlar göstərir ki, bizə məlumat verən ölkələrin yarısında bir və ya daha çox şirin su ilə əlaqəli ekosistemlər deqradasiya vəziyyətindədir. Bu tendensiya iqlim dəyişikliyinin təsiri ilə daha da dərinləşir”.
Keniyada yaşadığını deyən İ.Andersen, bu ölkədə baş verən dörd illik ekstremal quraqlığın nəticələrindən 3,5 milyon baş mal-qaranın itirildiyini vurğulayıb:
“Təsəvvür edin ki, bu, süd, ət və gəlir üçün maldarlıqdan asılı olan ailələrə necə təsir etdi. Quraqlıqdan əvvəl 1,5 milyon olan uşaq qidalanması proqramına müraciət edənlərin sayı quraqlıqdan sonra 3,5 milyona çatdı. Bu, ölkə iqtisadiyyatına ciddi təsir göstərdi”.
İ.Andersen əlavə edib ki, iqlim dəyişikliyi gücləndikcə, bu cür problemlər daha da pisləşəcək və nəticədə bütün dünya əziyyət çəkəcək: “Su ehtiyatlarının uzunmüddətli dayanıqlılığı və idarə olunması tədbirləri ekoloji amilləri nəzərə almalıdır. Bizim əsas prioritetimiz bu istiqamətdə yeni və təsirli həllər tapmaqdır”.
O hesab edir ki, su idarəçiliyinin hərtərəfli ekoloji yanaşmaya əsaslanması və qlobal səylərlə gücləndirilməsi zəruridir.