İtaliya iqlim dəyişikliklərinə uyğunlaşma planlarını sürətləndirmək üçün fəaliyyətini artırır
"Report" xəbər verir ki, bunu İtaliyanın iqlim üzrə xüsusi səfiri Françesko Corvaro COP29 çərçivəsində keçirilən "Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi" adlı tədbirdə bildirib.
O qeyd edib ki, bu il İtaliya G7-yə sədrliyi çərçivəsində Venaria sənədlərinin yekun gündəliyində adaptasiya məsələsinin əhəmiyyətini vurğulamaq qərarına gəlib: “Adaptasiya üçün maliyyə vəsaiti tapmaq bəzən çətin olur. Buna görə də bu məsələyə xüsusi diqqət yetirdik və G7 Adaptasiya Mərkəzinin təşviq edilməsini qərara aldıq”.
F. Corvaro vurğulayıb ki, G7 Adaptasiya Mərkəzinin əsas məqsədlərindən biri inkişaf etməkdə olan ölkələrin milli adaptasiya planlarını irəlilətmək qabiliyyətlərini artırmaq üçün NAP Qlobal Şəbəkəsi ilə əməkdaşlıqdır. "İqlim dəyişikliyi artıq bu gün baş verir və inkişaf etməkdə olan ölkələrin bu problemlərə qarşı mübarizədə güclü planlarının olması həyati əhəmiyyət daşıyır. Lakin bu cür infrastruktur və tədbirlər üçün maliyyə tapmaq çətinlik yaradır”.
Səfir həmçinin bildirib ki, İtaliya da iqlim dəyişikliyi ilə yanaşı, vulkanlar və zəlzələlər kimi təbii fəlakətlərlə üzləşir: “Biz adaptasiya prosesinin nə qədər çətin olduğunu çox yaxşı bilirik. Buna görə də inkişaf etməkdə olan ölkələri dəstəkləməyin vacibliyini anlayırıq. İtaliya bu mövzuda qlobal səyləri dəstəkləməyə və G7 Adaptasiya Mərkəzi vasitəsilə inkişaf etməkdə olan ölkələrlə birgə işləməyə hazırıq".