Kommunal müəssisələrin sıfır tullantı alyansı (The Utilities for Net Zero Alliance - UNEZA) infrastrukturu modernləşdirmək və genişləndirmək üçün unikal mövqeyə malikdir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Camera COP29 çərçivəsində təşkil olunmuş Kommunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.
Onun sözlərinə görə, UNEZA 2030-cu ilə qədər qarşısına iddialı hədəflər qoyub, 850 giqawat yeni bərpa olunan enerji istehsal gücü əldə etmək üçün hər il 170 milyard ABŞ dolları ayırmaq öhdəliyi götürüb.
"Rəhbərlərin görüşü UNEZA-nın 2030-cu ilə qədər yol xəritəsini həyata keçirmək, o cümlədən dayanıqlı təchizat zəncirini inkişaf etdirmək üçün strateji istiqamət verəcək. Bu gün UNEZA COP29-da qlobal enerji saxlama (depolama) və yaşıl enerji zonaları və dəhlizlərini təsdiqlədiyini elan etməyi nəzərdən keçirəcək", - deyə Baş direktor qeyd edib.
Bundan başqa, IRENA rəsmisi deyib ki, agentlik bərpa olunan enerji mənbələrinə ümumi investisiyaların 31,5 trilyon ABŞ dollarına çatması halında, 2030-cu il üçün bərpa olunan enerji və enerji səmərəliliyi məqsədləri ilə bağlı BƏƏ konsensusuna cavab vermək üçün çeviklik, səmərəlilik və qənaətə ehtiyac olduğunu təxmin edir: "Ümumi vəziyyət regional olaraq dəyişir, bəzi ərazilər digərlərinə nisbətən daha ciddi sıxıntı yaşayır, belə regionlarda xüsusi strategiya zəruridir. İRENA UNEZA-nı təkcə qlobal əməkdaşlıq platforması kimi deyil, həm də məqsədyönlü regional həllərin vasitəçisi kimi nəzərdə tutur".