İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) iqlim dəyişikliyi ilə mübarizə üçün strategiyası davamlılığı təşviq etmək üçün ənənəvi müdrikliyi müasir texnologiya ilə birləşdirməyə yönəlib.
"Report" xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik COP29 çərçivəsində təşkil olunmuş "Davamlı Gələcək üçün İrsin Yetişdirilməsi: Kənd Təsərrüfatı, Mədəniyyət və İqlim Dayanıqlığının İnteqrasiya edilməsi" adlı tədbirdə bildirib.
"Strategiyamızın 5 əsas komponenti var. Bunlardan 1-cisi iqlimə uyğunlaşmadır - kənd təsərrüfatı biliklərinin dəyişən iqlim şəraitinə davamlılığa qədər inteqrasiyası nəzərdə tutulur. İkincis, biomüxtəlifliyin qorunmasıdır - ərzaq təhlükəsizliyini artırmaq üçün irs bitkilərinin becərilməsi və ənənəvi torpaq idarəetmə təcrübələrindən istifadə edilməsi nəzərdə tutulur. Üçüncüsü suyun idarə edilməsidir - sudan istifadəni optimallaşdırmaq, su qıtlığını aradan qaldırmaq üçün qədim suvarma üsullarını GIS kimi müasir alətlərlə birləşdirmək nəzərdə tutulur. Dördüncüsü torpağın sağlamlığının qorunması və davamlı kənd təsərrüfatının təmin edilməsidir - kimyəvi maddələrdən asılılığı azaltmaq üçün ənənəvi torpaq idarəetmə təcrübələrinin təşviqi nəzərdə tutulur. Beşincisi mədəni quruluşu zənginləşdirmək və kənd icmalarını dəstəkləmək üçün sosial-mədəni qorunma, ənənəvi bilik və təcrübələrin tətbiqi nəzərdə tutulur", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, üzv ölkələrdə strategiyanın necə tətbiq oluna biləcəyini araşdırmaq üçün pilot layihənin icrasına start veriləcək: "Regional əməkdaşlığı inkişaf etdirməklə, davamlı kənd təsərrüfatına təkan verə biləcək bilik və ən yaxşı təcrübələri paylaşmağı hədəfləyirik".