İsrail ümid edir ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlıq haqqında memorandum digər ölkələrin də qoşulacağı regional təşəbbüsə çevriləcək.
Bu barədə "Report"a müsahibəsində İsrailin iqlim dəyişikliyi və davamlılıq məsələləri üzrə səfiri Qideon Behar bildirib.
"Ümid edirik ki, nəticədə bu, Azərbaycan və İsrailin lider olacağı və digər ölkələrin qoşulacağı iqlim təhsili üzrə regional proqrama çevriləcək", - deyə o bildirib. COP29-da aparılan danışıqlardan danışan Behar, konfransın ilk günündə Paris Sazişinin 6.4-cü maddəsinin razılaşdırılmasından məmnunluğunu ifadə edib.
"Hesab edirik ki, bu, biznes üçün, həmçinin iqlimin vəziyyətinin yaxşılaşdırılması üçün böyük imkanlar açır. Bu gün biz həqiqətən atmosferə atılan böyük miqdarda CO2 və digər tullantılardan xilas olmalıyıq", - deyə o bildirib.
Behar həmçinin qeyd edib ki, İsrail şirkətləri iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir. "Bizim Mekorot su resursları şirkətimiz var ki, su resursları problemi getdikcə daha aktual olduğu üçün Azərbaycanla fəal əməkdaşlıq edir", - deyə o bildirib. Onun sözlərinə görə, İsraildə istifadə olunan suyun təkrar istifadəsi texnologiyaları Azərbaycanda da tətbiq edilə bilər.
"İsrail Azərbaycanla bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməyə hazırdır. Hesab edirik ki, iki ölkə arasında enerji və innovasiyalar sahəsində də yaxşı perspektivlər mövcuddur", - deyə səfir bildirib.
Səfir vurğulayıb ki, iqlim maliyyələşdirilməsi COP29-da əsas mövzudur. "Başa düşürük ki, inkişaf etməkdə olan ölkələr daha çox iqlim maliyyələşdirilməsi almalıdır, çünki iqlim böhranı sürətlənir, zərər və fəlakətlər artır. Ona görə də daha çox vəsait ayırmaq zərurəti var", - deyə o bildirib.
Behar həmçinin COP29-un mükəmməl təşkilinə görə Azərbaycana təşəkkür edib.