Dünyada iqlim dəyişikliyi səbəbindən bir milyondan çox flora və fauna növ nəsli kəsilmək təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bunu Kolumbiyanın ətraf mühit və davamlı inkişaf naziri Susana Muhamad COP29 çərçivəsində təşkil edilmiş "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" mövzusunda tədbirdə bildirib.
"Biz okeanların əhəmiyyətinin nə demək olduğunu, bunun həlledici ekosistemlərə necə təsir etdiyini bilirik. Əgər biz sağlam ekosistemlər, sağlam ərazilər üçün çalışsaq, bu rəqəmi iqtisadi baxımdan əks etdirə bilərik. Sağlam ekosistemlər milyonlarla dollar gəlir gətirir", - deyə o qeyd edib.
Qonaq vurğulayıb ki, planetin yaşadığı müxtəlif böhranları həll etmək üçün koordinasiyalı şəkildə iş çox vacibdir: "Başqa sözlə, daha çox iştiraka ehtiyacımız var. Dayanıqlı İnkişaf Məqsədlərinə və ölkənin razılığına nail olmaq yalnız biomüxtəliflik və ekosistem xidmətlərini nəzərə alanda mümkündür. Beləliklə, biz biomüxtəliflik və iqlim dəyişikliyi arasında bu sinerjiyə ehtiyacdan danışırıq. Bu ətalətlər bizə iqlim böhranı ilə bağlı daha çox əminliklə, daha böyük irəliləyişlə üzləşməyə imkan verəcək. Yaşayış üçün əlverişli iqlimin təmin edilməsi, biomüxtəlifliyin qorunması əsas məqsədlərdir və onların hər biri bir-birinə kömək edir. Əgər biz ərazilərimizin şəraitini yaxşılaşdıra bilsək, üstəlik, adaptasiya proseslərini yumşalda bilsək, daha yaxşı şəraitimiz olacaq".