Harmoniya İqlim Təşəbbüsü aqrar sektorun dayanıqlığını artıracaq.
“Report” xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya (FAST) Tərəfdaşlığının Nazirlər Görüşü"ndə deyib.
Nazir qeyd edib ki, "Harmoniya İqlim Təşəbbüsü" aqro-ərzaq sistemlərində iqlim problemlərinin həllində mühüm rol oynayacaq.
O bildirib ki, bu təşəbbüs kiçik fermerlərin və kənd icmalarının davamlılığını artırmağa, iqlim maliyyəsini daha əlçatan etməyə və daha təsirli nəticələr əldə etməyə xidmət edəcək: "Bu təşəbbüs mövcud iqlim layihələri ilə sinerji yaradaraq, onların koordinasiyasını təmin edəcək. Harmoniya, FAST Tərəfdaşlığının uzantısı olaraq, iqlim maliyyəsinin təsirini artırmağa yönəlmiş unikal bir platforma kimi fəaliyyət göstərəcək".
Nazir əlavə edib ki, COP-dan COP-a əməkdaşlıq prinsipləri əsasında yaradılan Harmoniya, bilik mübadiləsi üçün yeni imkanlar yaradacaq və aqrar sektorda davamlı inkişafa mühüm töhfə verəcək.