Nazir müavini: Son dövrlər ekosistemə təhdid yaradan təhlükələr artmağa başlayıb

Nazir müavini: Son dövrlər ekosistemə təhdid yaradan təhlükələr artmağa başlayıb Azərbaycan "Vahid sağlamlıq" yanaşması ilə milli biomüşahidə və biomüdafiə sahəsində nəzərəçarpacaq addımlar atıb.
COP29
25 İyul , 2024 10:48
Nazir müavini: Son dövrlər ekosistemə təhdid yaradan təhlükələr artmağa başlayıb

Azərbaycan "Vahid sağlamlıq" yanaşması ilə milli biomüşahidə və biomüdafiə sahəsində nəzərəçarpacaq addımlar atıb.

"Report" xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hökumət dabaq, qarayara, bruselyoz, donuz taunu, at qripi, quduzluq və s. xəstəliklərə qarşı peyvəndləmə tədbirləri də daxil olmaqla, heyvan sağlamlığının qorunması məqsədilə bir sıra nəzarət tədbirlərini maliyyələşdirir.

S.Cəfərov xatırladıb ki, son dövrlər ekosistemə təhdid yaradan təhlükələr artmağa başlayıb:

"Son 50 il ərzində aşkarlanan patogenlərin əksəriyyətinin zoonoz-heyvan mənşəli olmaqla, vəhşi heyvanlarla əlaqəli olması da bunun göstəricisidir. İnsanların, ev heyvanları və vəhşi heyvanların, həmçinin bitkilərin bir-birindən asılı olduqlarını nəzərə alaraq müxtəlif sektorlar ümumi məqsəd üçün səylərini birləşdirməlidir".

O qeyd edib ki, bu ilin noyabrında baş tutacaq COP-29 tədbiri çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə həm əvvəlki COP tədbirlərində irəli sürülmüş təşəbbüslərin "Vahid Sağlamlıq" konsepsiyası ilə bağlı öhdəliklərinin icra vəziyyəti və gələcək perspektivləri, həm də yeni təşəbbüslər nəzərdən keçiriləcək.

“Kənd Təsərrüfatı Nazirliyi dünyamızı qlobal təhdidlərdən qorumaq məqsədilə irəli sürülən bütün təşəbbüsləri dəstəkləməklə yanaşı, həmin təşəbbüslər çərçivəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verib. Nazirlik gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməyə və əməkdaşlıq etməyə davam edəcək", - nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi