Seulda “COP29-a aparan Yol" konfransı keçirilir

Seulda “COP29-a aparan Yol" konfransı keçirilir Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etməsində Azərbaycana göstərilən etimad ölkənin iqlim gündəliyinin irəliləyişində lider rolunu oynamağa və iqlim dəyişikliyi ilə mübarizə
COP29
16 Oktyabr , 2024 13:34
Seulda “COP29-a aparan Yol konfransı keçirilir

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etməsində Azərbaycana göstərilən etimad ölkənin iqlim gündəliyinin irəliləyişində lider rolunu oynamağa və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə mühüm töhfə verməyə hazır olduğunu təsdiq edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov bu gün Seulda Qlobal Yaşıl İnkişaf İnstitutunun (GGGI) təşkilatçılığı ilə keçirilən “COP29-a aparan Yol” konfransında deyib.

“Azərbaycan ekoloji təhlükəsizliyə, ekoloji davamlılığa və “yaşıl inkişaf”a böyük əhəmiyyət verir. Ölkənin əsas uzunmüddətli hədəflərindən biri “yaşıl iqtisadiyyat”a keçiddir. Bu kontekstdə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi inkişafın əsas milli prioritetləri kimi müəyyən edilib. Lakin ölkəmiz artıq iqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşir. Bu da ekoloji məqsədlərə nail olmağı çətinləşdirir. Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, eləcə də əhalinin həyatına və rifahına birbaşa təsir edən səhralaşma ilə üzləşir. Bundan əlavə, transsərhəd axınlarla su ehtiyatlarının çirklənməsi və azad edilmiş ərazilərin Ermənistan tərəfindən yerləşdirilmiş minalarla çirklənməsi ekoloji vəzifələrin yerinə yetirilməsinə maneə törətməyə davam edir. İqlim dəyişikliyi uzaq gələcəkdə bir təhlükə deyil, artıq bu gün dünya üzrə milyardlarla insana təsir edən real bir təhlükədir”,- diplomat bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə hər kəsdən fəaliyyət və liderlik tələb edən öhdəlikdir.

“Azərbaycan 2024-cü ilin noyabrında COP29 iqlim konfransına ev sahibliyi edəcək. “Yaşıl dünya naminə həmrəylik” çağırışını rəhbər tutaraq, inkişaf etməkdə olan ölkələri yaxınlaşdırmaq və iqlim problemlərinin həlli üçün əməkdaşlıq ruhunu gücləndirməklə bağlı səylər göstərir ki, bu da ümumi öhdəlik və mənəvi borc kimi qəbul edilir. COP29 Cənubi Qafqazda keçiriləcək ilk tədbir olacaq və ölkəmizi dünyaya təqdim etmək bizim üçün böyük şərəfdir. Beynəlxalq ictimaiyyətin bu il COP29-u keçirmək və ona sədrlik etməklə bağlı bizə göstərdiyi etimad Azərbaycanın iqlim gündəliyinə rəhbərlik etməyə və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə öz töhfəsini verməyə hazır olduğunun sübutu və etirafıdır. Sədr olaraq Azərbaycan COP29-u şəffaf, qərəzsiz, inklüziv şəkildə və bütün tərəflərin təşəbbüsü ilə keçirməyə dair öhdəliklərini təsdiqləyir. Biz, həmçinin bütün proses boyunca inklüzivliyə tam sadiqik və bir çox qarşılıqlı əlaqəli sahələrdə razılaşdırılmış şəkildə işləməli olacağıq”, - R.Həsənov vurğulayıb.

Seulda keçirilən konfransda, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndəsi Alanud əl-Həcər də iştirak edib. O qeyd edib ki, ölkəsi "COP Troykası" çərçivəsində COP29 və COP30 (Braziliya) nümayəndəliyi ilə fəal danışıqlar aparır:

"COP28-in nəticələrindən əlavə, biz Azərbaycan və Braziliya ilə "Troyka" tədbirlərində fəal iştirak edirik, onların səylərini dəstəkləyirik. Ümid edirik ki, Bakıda keçiriləcək COP29-da əhəmiyyətli irəliləyiş əldə olunacaq, o cümlədən iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün aydın və ölçülə bilən hədəf müəyyən ediləcək".

Əl-Həcər, həmçinin İtkilər və Zərər Fondunun yaradıldığını xatırladıb: “COP28-in prezidenti iqlim böhranı ilə mübarizənin ön cəbhəsində olanları dəstəkləmək üçün fondun təsdiqlənməsi ilə bağlı COP29 sədrliyinə müraciət edib. Ümumilikdə, itkilər və zərərlərin maliyyələşdirilməsi üçün 792 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması elan edilib ki, bunun da 100 milyon ABŞ dolları BƏƏ-nin payına düşür. Buna görə də mən deyə bilərəm ki, ölkəm tədbirlər görür. Biz təkcə danışmırıq, həm də konkret addımlar atırıq”.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqlim sahəsində aparıcı ekspertlər də iştirak ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərin zəruriliyinə diqqət çəkiblər.

Qeyd edilib ki, dünya ictimaiyyəti uyğunlaşma və zərərli emissiyaların azaldılması üzrə tədbirləri təxirə sala bilməz, çünki iqlim dəyişikliyinin nəticələri daha çox hiss olunur. Ekspertlər, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və həssas ölkələrə maliyyə dəstəyinin artırılmasına çağırış ediblər ki, iqlim çağırışları ilə mübarizə aparmaq və qlobal ətraf mühit dəyişikliklərinin artıq vurduğu zərəri minimuma endirmək mümkün olsun.

Son xəbərlər

Orphus sistemi