COP28-də əldə edilən nailiyyətlər COP29 və COP30-a qədər irəli aparılmalıdır.
"Report" xəbər verir ki, bu barədə COP28-in prezidenti Sultan Əl Cabir COP sədrlikləri troykasının açılış mərasimində çıxış edərkən deyib.
"Bu tərəfdaşlıq davamlılığı təmin etmək üçün misilsizdir", - o vurğulayıb.
“Troyka bizə Bakıdan Belenə və onun hüdudlarından kənardakı ərazilərə qədər 1,5°C missiyasına nail olmaq üçün lazım olan əməkdaşlığı və davamlılığı təmin etməyə yardım göstərir”, - Sultan Əl Cabir vurğulayıb.
Azərbaycanın ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev isə bildirib ki, COP-29 1,5°C hədəfinə nail olmaq ideyasına sadiqdir: “Biz 1,5 dərəcəyə nail olmaqla bağlı səyləri sürətləndirmək üçün COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü kimi öz imkanlarımızdan istifadə etmək niyyətindəyik.
Bununla bağlı vacib məqam iqlim maliyyələşdirilməsinə dair hədəflərin müəyyən edilməsi olacaq. Bunlar problemin miqyasını və aktuallığını əks etdirir. Bundan başqa, maliyyə vəsaitlərinin ayrılması və onların bu məsələ ilə bağlı ehtiyacı olan ölkələrə yönəldilməsi də eyni dərəcədə vacibdir”.
M.Babayev əlavə edib ki, COP28 əldə olunan nailiyyətlər COP29 və COP30-da davam etdirilməlidir.
“Dubayda söylədiyim kimi, COP sədrlikləri troykası tərəfindən təqdim olunan imkandan maksimum istifadə etməliyik”, - Braziliyanın ətraf mühit və iqlim dəyişiklikləri naziri Marina Silva söyləyib.
Qeyd edək ki, cari ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək.