Syu Biniaz: "ABŞ inkişaf etməkdə olan ölkələrin Milli Adaptasiya Planlarına dəstəyi gücləndirir"

Syu Biniaz: "ABŞ inkişaf etməkdə olan ölkələrin Milli Adaptasiya Planlarına dəstəyi gücləndirir" ABŞ, iqlim dəyişikliklərinə uyğunlaşmanı sürətləndirmək və inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün Milli Adaptasiya Planları (MAP) Qlobal Şəbəkəsinə maliyyə və texniki yardım göstərir.
COP29
19 Noyabr , 2024 16:15
Syu Biniaz: ABŞ inkişaf etməkdə olan ölkələrin Milli Adaptasiya Planlarına dəstəyi gücləndirir

ABŞ, iqlim dəyişikliklərinə uyğunlaşmanı sürətləndirmək və inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün Milli Adaptasiya Planları (MAP) Qlobal Şəbəkəsinə maliyyə və texniki yardım göstərir.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz "Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi" adlı tədbirdə çıxışı zamanı bildirib.

“MAP-lar ölkələrin iqlimə davamlılıq istiqamətində atdığı strateji addımların təməlini təşkil edir. Bu proses yalnız planlaşdırma deyil, həm də siyasət prioritetlərinin müəyyənləşdirilməsi, resursların səfərbər edilməsi və adaptasiya tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə S.Biniaz vurğulayıb.

Onun sözlərinə görə, son 10 ildə MAP-lar qlobal adaptasiya səylərinin əsas sütunlarından birinə çevrilib.

"Paris Razılaşmasının 7-ci maddəsində də MAP-lar adaptasiya planlaşdırılması və icrası üçün mühüm vasitə kimi göstərilir. Bundan əlavə, Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrin MAP-lar hazırlamasını dəstəkləmək üçün xüsusi maliyyələşdirmə pəncərəsi təqdim edir. ABŞ tərəfindən təqdim olunan dəstək çərçivəsində altı inkişaf etməkdə olan ölkəyə texniki yardım göstərilməsi planlaşdırılır. Bu dəstək həmin ölkələrin milli adaptasiya prioritetlərini iqlim dəyişikliyinə uyğunlaşma üzrə investisiya planlarına çevirmək məqsədini daşıyır. Həmçinin, bu təşəbbüs Cənub-Cənub təcrübə mübadiləsi vasitəsilə ölkələr arasında bilik və təcrübələrin paylaşılmasını təşviq edəcək".

Bildirib ki, dəstəyin əsas məqsədi adaptasiya üçün maliyyə vəsaitlərinin səfərbər edilməsini sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə planlaşdırmadan icraya keçidi təmin etməkdir: "Hazırlanacaq investisiya planları həssas sektorlarda və bölgələrdə davamlılığı artıracaq konkret tədbirləri müəyyənləşdirəcək".

S. Biniaz çıxışında ABŞ-ın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, digər ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət edib.

Son xəbərlər

Orphus sistemi