Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir

Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir Uşaqlar ölkələrin Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirak etməlidir.
COP29
18 Noyabr , 2024 19:35
Türkiyə uşaqların Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirakını vacib hesab edir

Uşaqlar ölkələrin Milli İqlim Uyğunlaşma Planlarının hazırlanmasında iştirak etməlidir.

“Report” xəbər verir ki, bu fikri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Danışıqları və Beynəlxalq Siyasətlər Şöbəsinin rəhbəri Aysin Turpancı COP29 çərçivəsində keçirilən “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti” mövzusunda yüksəksəviyyəli dəyirmi masada səsləndirib.

A.Turpancı qeyd edib ki, COP29 tarixi bir mərhələni əks etdirir. O, bunu milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinin hazırlanmasını bu prosesin vacib bir mərhələsi kimi xarakterizə edərək vurğulayıb:

“Uşaqların iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda iştirakı, onların gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. UNICEF-in bu təşəbbüslərə dəstəyini və bizimlə birgə burada iştirakını yüksək qiymətləndirirəm”.

Onun sözlərinə görə, hazırlanan hesabatlarda iqlim dəyişikliyinin uşaqlar üzərində təsiri xüsusi qeyd olunub. İqlim dəyişikliyinin yoxsulluğu dərinləşdirərək, uşaqların həyat standartlarını daha da pisləşdirdiyini vurğulayan A.Turpancı bildirib:

“Uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Buna baxmayaraq, indiyə qədər iqlim siyasətinin formalaşdırılması üzrə danışıqlara onlar cəlb olunmayıb. Halbuki, milli uyğunlaşma planlarının və milli səviyyədə müəyyən edilmiş töhfələr sənədlərinin hazırlanması prosesində onların iştirakı vacibdir”.

A. Turpancı əlavə edib ki, uşaqlara yönəlmiş iqlim siyasətlərinin hazırlanmasında məlumatların rolu əvəzsizdir:

“UNICEF-in bizə təqdim etdiyi məlumatlar bu sahədə mühüm töhfə verib. Növbəti vacib məsələ isə maliyyələşdirmədir. Uşaqların ehtiyaclarını qarşılamaq üçün tədbirlərin maliyyələşdirilməsi xüsusi diqqət tələb edir”.

Türkiyənin bu istiqamətdə gördüyü işlərdən bəhs edən A. Turpancı bildirib ki, uşaqların tələblərinə uyğun ilkin xəbərdarlıq sistemləri qurulur, milli səviyyədə müəyyən edilmiş töhfələr sənədində və milli uyğunlaşma planında uşaqların ehtiyacları nəzərə alınıb. Bununla yanaşı, Türkiyə iqlim siyasətinin uşaqlar və həssas təbəqələr üzərindəki sosial-iqtisadi təsirlərini azaltmaq üçün tədbirlər həyata keçirir.

“Uşaqların iştirakını təmin etməklə, yalnız onların ehtiyaclarını nəzərə alan deyil, həm də onların səsinə qulaq asan siyasətlər formalaşdırmalıyıq”, - deyə A. Turpancı çıxışını yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi