BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyini və onun qlobal iqlim problemlərinin həlli yollarını tapmaq üçün əməkdaşlığın təşviqinə verdiyi töhfəni xüsusi qiymətləndiririk.
Bunu “Report”a açıqlamasında Macarıstanın aşağıbüdcəli “Wizz Air” aviaşirkətinin korporativ və ekoloji, sosial və idarəetmə (ESG) direktoru Yvonne Moynihan deyib.
O bildirib ki, karbon emissiyalarını azaltmaq üçün ən çətin sektorlardan biri olan aviasiya bu müzakirələrin diqqət mərkəzində olmalıdır: “Davamlı Aviasiya Yanacağının (SAF) və digər yeniliklərin iqlim strategiyalarına inteqrasiyası xüsusilə vacib məsələdir. Bununla belə, sənayemiz üçün SAF-ın daha əlçatan olmasını və yüksək qiymət məsələsini həll edən daha işlək yollar görmək istərdik. COP29 zamanı siyasətçilər, SAF istehsalçıları, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) kimi təşkilatların nümayəndələri ilə əhəmiyyətli müzakirələr apardıq. Bu müzakirələr SAF istehsalının sürətləndirilməsi, innovativ yanacaq texnologiyalarının genişləndirilməsi və xalis sıfır aviasiyaya keçidi asanlaşdıracaq tənzimləyici çərçivələrin yaradılması ətrafında idi. Qlobal SAF reyestri kimi birgə səylər, bütün aviasiya sənayesinin karbon kreditlərinə və davamlı enerji həllərinə çıxışını təmin etmək üçün vurğuladığımız əsas məsələlərdəndir”.
ESG direktoru qeyd edib ki, “Wizz Air” COP29-da iştirak edən çox az sayda aviaşirkətlərdən biri idi və o, bu sənayenin üzləşdiyi problemləri dilə gətirmək və qətiyyətli tədbirlərin görülməsini təmin etmək üçün məsuliyyət hiss edir: "Qlobal emissiyaların yalnız 2-3 %-ni aviasiya təşkil etsə də, bu, təcili həllər tələb edən sektordur. Biz SAF istehsalının artırılması ehtiyacını vurğulamaq istərdik. Cari istehsal 2050-ci ilə qədər 1000 dəfə artmalıdır. Biz, həmçinin SAF istehsalı üçün deqradasiyaya məruz qalmış torpaqlardan innovativ istifadənin tərəfdarıyıq”.
COP29-un dialoq üçün əla platforma olduğunu diqqətə çatdıran Y. Moynihan əlavə edib ki, qlobal səylərin aviasiya sektorunda tələb olunan dəyişiklik tempinə uyğunlaşdırılmasında bəzi boşluqlar qalır: “Qlobal SAF reyestri kimi şəffaflığı təmin edəcək və karbon kreditlərinə çıxışı asanlaşdıracaq təşəbbüslər bizi həvəsləndirir. Lakin bizə, məsələn, neft subsidiyalarının mədən yanacaqlarından bərpa olunan enerjiyə yönəldilməsi kimi daha qətiyyətli siyasət tədbirləri lazımdır. Ümid edirik ki, bu müzakirələr konkret nəticələrə gətirib çıxaracaq. Biz irəliləyişə nail olmaq üçün siyasətçilər və sənaye liderləri ilə əməkdaşlığa sadiqik”.