Azərbaycan və Qırğızıstan arasında energetika sahəsində əməkdaşlıq getdikcə daha dinamik xarakter alır. İmzalanmış sazişlər və birgə layihələr hər iki ölkənin energetika sektorunun inkişafı üçün yeni perspektivlər açır. Bu layihələrin həyata keçirilməsi enerji təhlükəsizliyinin gücləndirilməsinə, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və regionun davamlı inkişafına töhfə verəcək.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev “Report” agentliyinə müsahibəsində tədbirlə bağlı təəssüratları, Azərbaycanla imzalanmış sazişlər və bərpa olunan enerji sahəsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb.
- COP29 çərçivəsində “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” və hər iki ölkənin energetika şirkətləri arasında memorandumlar imzalanıb. Bu sənədlərin mahiyyəti nədən ibarətdir?
- İmzalanmış sənədlər materialların, o cümlədən enerji kabelləri və avadanlıqların tədarükünü, energetika sahəsində təcrübə mübadiləsini əhatə edir. Azərbaycan bərpa olunan enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsində sürətli templər nümayiş etdirir ki, bu da bizim üçün maraq kəsb edir.
Bu baxımdan onların bu sahədəki təcrübəsini öyrənmək imkanı var.
Eyni zamanda, biz Qırğızıstanda uğurla fəaliyyət göstərən modul tipli üzən elektrik stansiyalarından istifadə ilə bağlı təcrübəmizi bölüşə bilərik.
- Yaxın gələcəkdə Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində energetika sahəsində hansı investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır?
- Şübhəsiz ki, ölkələrimiz arasında energetika sahəsində ümumi maraqlar var. Biz azərbaycanlı həmkarlarımızla bir neçə istiqamətdə, o cümlədən su elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar apardıq. Söhbət Qırğızıstan ərazisində kiçik su elektrik stansiyalarının tikintisindən gedir.
Həmçinin enerji şəbəkələrinin təmiri və avadanlıq tədarükü sahəsində birgə iş imkanları nəzərdən keçirilir. Yaxın zamanda azərbaycanlı energetiklərin Qırğızıstana səfərini gözləyirik. Səfər çərçivəsində konkret layihələr müzakirə olunacaq. Hansı investisiya sazişlərinin imzalanacağını zaman göstərəcək.
- Bakıda "Qırğızneftqaz" və Bakı Neft Emalı Zavodu arasında Azərbaycan nefti və neft məhsullarının Qırğızıstana tədarükü ilə bağlı aparılan danışıqlarda irəliləyiş varmı? Azərbaycandan hansı həcmdə məhsul tədarükü gözlənilir?
- Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyi ilə danışıqlar aparılır. Eksperimental olaraq 15 ton yanacağın tədarükü barədə razılıq əldə edilib. Tədarükün tezliklə həyata keçiriləcəyini gözləyirik.
Hazırda logistika məsələlərini öyrənirik, bundan sonra isə gələcək həcmlər və tədarük şərtləri ilə bağlı qərar qəbul edəcəyik.
- Qırğızıstanın Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizinin yaradılması layihəsində iştirakı barədə nə deyə bilərsiniz?
- Qazaxıstan, Özbəkistan və Qırğızıstan artıq enerji halqasında birləşib. Əgər Azərbaycan və qonşularımız arasında bağlantı xətti reallaşarsa, biz də elektrik enerjisinin ötürülməsi üçün bu marşrutdan istifadə edə biləcəyik. Qırğızıstan bu vacib təşəbbüsü tam dəstəkləyir.
Layihə Qırğızıstana elektrik enerjisinin ixrac imkanlarını genişləndirməyə və regional enerji sisteminə inteqrasiya etməyə imkan verəcək.
- COP29 iqlim konfransının Bakıda təşkili səviyyəsini necə qiymətləndirirsiniz?
- Tədbir ən yüksək səviyyədə təşkil olunub. Hər şey ən xırda detallara qədər düşünülüb: rahat logistika, fasiləsiz nəqliyyat əlaqəsi və nəzakətli xidmət personalı. COP29 məkanına daxil olarkən otaqları və milli pavilyonları axtarmağa və ya yerləşmə sxemlərinə baxmağa belə ehtiyac yoxdur.
Bundan başqa, həmişə kömək etməyə və yol göstərməyə hazır olan könüllülərin işini xüsusi olaraq qeyd etmək istəyirəm. Bakı məndə xoş təəssürat yaratdı, bu 2-3 gün ərzində burada olmaqdan məmnum oldum. Göstərdiyi qonaqpərvərliyə görə Azərbaycan xalqına minnətdaram. Azərbaycana sülh və firavanlıq arzulayıram!