Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Report” xəbər verir ki, “Toyumdan 4-5 ay sonra erməni vəhşilikləri başladı” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilisə rayonunun Hallavar kənd sakini Kifayət İbrahimovanın həyat hekayəsinə həsr olunub.
O, dağlar, meşələr, gözəl buz-bulaqlar əhatə olunan kənddə uşaqlıq illərinin xoş keçdiyini, orta məktəb illərində dağlardan müəllimlər üçün gül yığıb çələnglər bağladıqlarını söyləyib: “Mədəniyyət dərinəklərimiz var idi. Musiqi müəlliməmiz bizi musiqi dərinəyinə aparırdı, orada musiqi ilə məşğul olurduq. İdman zallarında idman dərsləri ilə məşğul olurduq. Məktəbdə xüsusi yemək ayırırdılar. Payızda bağlardan meyvə dərirdik, qışda qar yağan dağlardan xizək sürür, qartopu oynayırdıq. Bunlar unudulmaz xatirələrdir”.
Onun sözlərinə görə, 1986-cı ildə ali təhsil almaq üçün dayısı onu Daşkənd şəhərinə aparıb, qardaşı hərvi xidmətə gedəndən sonra doğma kəndə qayıdıb: “Hallavara qayıdandan sonra 1987-ci ildə ailə qurmuşam. Toyumdan, 4-5 ay sonra erməni faşistlərinin vəhşilikləri başladı. Ondan sonra kəndimizdə bizim millətimizi sıxışdırırdılar, istəyirdilər kənddən bizi çıxarsınlar. Bizim qonşu kəndlərdən basqın edirdilər, öldürürdülər, yandırırdılar. Gecəmiz, gündüzümüz yox idi. 1988-ci il noyabrın 27-dək acılı günlər davam edirdi. Bakıdan bizim üçün xüsusi vertolyot ayırdılar. Bizim qonşu kənddən, Arçuddan, Qursalıdan, Saraldan ermənilər əhalini aldadıb qarət edib, soyub, qətlə yetriblər”.
Hallavar sakini deyib ki, Bakıda yaşayan ziyalılarımız kəndə vertolyotla adam göndərmişdilər: “Noyabrın sonu idi vertolyotlar gəldi, yerə enmədi, qorxurdular ki, ermənilər nişan alar vurarlar. İndi o anları xatırlayıram, həqiqətən çox pis oluram. Körpə balalarımızı, analarımızı, nənələrimizi, xəstələrimizi bağlama kimi vertolyota atırdılar. Baldızımın qucağından 4 ay yarımlıq oğlum Famili götürüb vertolyota atdılar. Mən isə minə bilmədim.
Vertolyot qalxdı, mən orada qaldım. Aradan üç saat keçdi başqa vertolyot gəldi. Məni vertolyota mindirdilər və bizi Qazağa gətirib körpələr evində yerləşdirdilər. Biz yeməkxanadan çıxanda yer tərpəndi. Ermənistanda 9 bal gücündə zəlzəli oldu. Elə bu anda mən bacımla Ağstafaya gəldik. İki-üç gündən sonra yoldaşım, kürəkənimiz, qayınatamın bacısı, baldızlarım maşınımızla gəldilər. Onlar gələndə danışdılar ki, kənd zəlzələdən batdı. Ermənilərin əli öz başlarına qarışdı və biz çıxıb gəldik”.
K.İbrahimova ermənilərin faşistliyini hələ də unutmadığını, Vətən həsrətilə yaşadığını bildirib: “Anam, atam mənim üçün necə əzizdirsə, Vətənim mənə ondan da əzizdir. Anamı, atamı itirib necə əziz çəkirəmsə, Vətənsiz də elə əziyyət çəkirəm. Xatirələrimdə, gözümün qabağında o ellərdə, o obalarımda yaşayıram. İnşallah, tez bir zamanda biz də yenidən öz doğma Vətənimizə gedərik. O ellərdə, o yerlərdə yenə də öz yaşayışımızı davam etdirərik”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabvrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.