Qərbi Azərbaycan Xronikası: Qədim türklərə məxsus yer-yurd adları necə məhv edilib?

Qərbi Azərbaycan Xronikası: Qədim türklərə məxsus yer-yurd adları necə məhv edilib? Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türklərə məxsus yer-yurd adları necə məhv edilib?” adlı süjet hazırlanıb.
Daxili siyasət
25 İyul , 2024 01:54
Qərbi Azərbaycan Xronikası: Qədim türklərə məxsus yer-yurd adları necə məhv edilib?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türklərə məxsus yer-yurd adları necə məhv edilib?” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə izi itirilən Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi toponimləri, eləcə də Abbas biçənək oronimi haqqında söz açılır. Bildirilir ki, qədim oğuz yurdu olan indiki Ermənistan dövləti Azərbaycandan mərhələ-mərhələ qoparılan torpaqlar hesabına yaradılıb, həmin vaxtdan ermənilər yer-yurd adlarını dəyişdirərək erməni mənşəli adlarla əvəz etmək yolunu seçiblər.

Vurğulanır ki, Qərbi Azərbaycan ərazisinin minillik tarixini, qədim türklərə məxsus yer-yurd adlarını məhv etmək ermənilər üçün çox asan peşəyə çevrilib: “Amma bu toponimləri millətin yaddaşından silmək təbii ki, mümkün deyil. Əminik ki, doğma yurdlarımıza əbədi qayıdışdan sonra o yerlərin əzəli türk adları yenidən insanların dilində əzbərə çevriləcək”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponim, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurda sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi