Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mətbuatda qurum haqqında dərc olunan iradlara cavab verib.
"Report"un məlumatına görə, AHİK-in açıqlamasında deyilir:
"Təəssüf hissi ilə bildiririk ki, bəzi xəbər saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə kölgə salan, həqiqəti əks etdirməyən, faktlara əsaslanmayan qərəz dolu yazı dərc olunub. Bildiririk ki, Azərbaycan həmkarlar ittifaqları ilə bağlı bu kimi məlumatlar həqiqətdən tamamilə uzaqdır və böhtan xarakterlidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları istər pandemiya dövründə, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrdə ictimai təşkilat olaraq xüsusi fəallığı ilə seçilib, dövlətin, həmçinin şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bütün sosial layihələrin icrasında yaxından iştirak edir.
Bildiririk ki, ümumiyyətlə, ölkəmizdə sosial layihələrin icrası dövlətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bütün bayramlarda və əlamətdar günlərdə şəhid ailələrinə, qazilərə və digər həssas qruplardan olan vətəndaşlarımıza hədiyyələr, sovqatlar, yardımlar paylanılır. Bu növ humanitar missiyalara dəstək verən AHİK qəbul olunmuş müvafiq qərarlar əsasında 2020-ci ildən bu günə kimi pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 18 235 064 manat vəsait xərcləyib.
44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1 025 410 manat, “YAŞAT” Fonduna 586 510 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 494 178 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb.
Həmişə AHİK tərəfindən diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1 116 400 manat maddi yardım göstərilib. 6 277 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 136 şəhid ailəsi AHİK tərəfindən himayəyə götürülüb, 64 şəhid övladına hər ay 150 manat məbləğində maddi yardım edilir və bu, onların 18 yaşına qədər davam etdiriləcək.
Pandemiya dövründə də xüsusi fəallıq göstərən AHİK 98 115 aztəminatlı ailəyə ümumilikdə 3 925 985 manat, 92 936 nəfərə isə ümumilikdə 6 500 762 manat yardım göstərib. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 680 670 manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 000 manat vəsait köçürülüb. İnfeksiyadan qorunmaq üçün 1 450 149 manat dəyərində 1 266 881 adda qoruyucu vasitələr alınaraq işçilər arasında paylanılıb.
Bunlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə əməkdaşlığa dair Memoranduma müvafiq olaraq 200 000 manat vəsait ayrılıb. Bununla da qeyd olunan dövr ərzində 200 minə yaxın vətəndaşlarımıza bu və digər formada maddi yardımlar göstərilib. Bu qəbildən olan sosial tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Bundan başqa, fərdi şəkildə AHİK-ə və üzv təşkilatlarına yüzlərlə yardım və yollayışlarla bağlı müraciətlər olur və həmin müraciətlər də qaydalara müvafiq olaraq öz həllini tapır.
Xüsusilə qeyd edək ki, işçilərin sağlamlığının bərpası üçün həmkarlar ittifaqları öz üzvlərini sanatoriya-kurort yollayışları ilə təmin edir. Qeyd edək ki, bu yollayışlar AHİK tərəfindən deyil, iş yerlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri tərəfindən ittifaq üzvlərinə verilir. Həmkarlar ittifaqı üzvü sanatoriya-kurort yollayışının dəyərinin yalnız 15 %-ni ödəyir. İlk həmkarlar ittifaqı tərəfindən ittifaq üzvlərinə verilən hər 10 yollayışdan biri pulsuzdur. Bu məsələdə, yəni yollayışların verilməsində AHİK-in fəaliyyəti yalnız yollayışların sahə həmkarlar ittifaqları arasında rüblər üzrə bölgüsünü təmin etməkdir. AHİK-i yollayışların satışında ittiham etmək qaydalardan xəbərsiz olmaqdan irəli gəlir.
Həmkarlar ittifaqları üçün ödənilən üzvlük haqqına gəldikdə isə bildiririk ki, üzvlük haqqının ödəlilməsi, hansı istiqamətdə xərclənməsi barədə dəfələrlə AHİK və onun sədri tərəfindən jurnalistlərə açıqlama verilib və mətbuat orqanlarında dərc olunub. Bir daha bəyan edirik ki, vəsaitin xərclənməsinə həmkarlar ittifaqlarında fəaliyyət göstərən nəzarət-təftiş komissiyaları tərəfindən nəzarət edilir. Eyni zamanda keçirilən iclaslarda, konfranslarda, qurultaylarda vəsaitin hara xərclənməsi barədə hesabatlar verilir.
Qeyd edək ki, AHİK sədri Səttar Möhbalıyev 1980-ci illərdən həmkarlar ittifaqlarında çalışır, bu sahədə həmişə nüfuzu və hörməti ilə fərqlənib. 1993-cü ildə isə AHİK-in sədri seçilib. S.Möhbalıyevin sədr və digər vəzifələrə seçilməsində rolu qeyd edilən şəxslər isə həmin vaxt, ümumiyyətlə, vəzifədə olmayıblar, nəinki kiməsə sədr seçilməkdə kömək etsinlər. Həm də ictimai təşkilat olduğu üçün həmkarlar ittifaqlarında rəhbərlik seçkilər əsasında formalaşır, heç bir kənar təsir mümkün deyil.
Ümid edirik ki, bundan sonra Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı yazı hazırlanarkən mövzu dərindən araşdırılacaq. Bu, ictimaiyyətin dəqiq və qərəzsiz məlumatla təmin olunması və jurnalistikanın tərəfsizlik, peşəkarlıq prinsiplərinə əməl olunması baxımından vacib şərtdir".