Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib - YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib - YENİLƏNİB Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.
Daxili siyasət
21 Dekabr , 2023 13:38
Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib - YENİLƏNİB
Ceyhun Mirzəyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) dekabrın 21-də keçirilən növbədənkənar XXVI Baş Məclisinin iştirakçıları gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.

"Report"un məlumatına görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yolunda olan müasir ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Ölkədə təşkil olunan beynəlxalq silsilə forumlar, kütləvi-mədəni və idman tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini gücləndirib. Müxtəlif istiqamətlərdə çoxsaylı dövlət proqramları həyata keçirilib, elm, təhsil, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə böyük uğurlara imza atılıb, əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər görülüb.

İctimai-siyasi sabitliyin və əmin-amanlığın təmin olunması ölkənin sürətli sosial-iqtisadi inkişafında, müstəqil dövlətçiliyin demokratik dəyərlər əsasında möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Respublikanın inkişafı istiqamətində aparılan işlər dünyanın aparıcı qurumlarının hesabatlarında yüksək qiymətləndirilir.

Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacarıb. Qafqazın mədəniyyət, musiqi incisi olan Şuşa şəhəri tarixi Zəfərin simvoluna çevrilib, nisgil, kədər, ümidsizlik geridə qalıb. Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, diplomatik gedişləri, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın adını ucaldıb. Qarabağ və Şərqi Zəngəzur indi cənnətə çevrilir, məcburi köçkünlər doğma yurd yerlərinə qayıdırlar, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını əyani şəkildə nümayiş etdirir. Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən həssas münasibət və diqqət onlar üçün böyük təskinlik mənbəyidir.

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən humanitar sahədə fəaliyyət göstərən 103 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvlərini də hədsiz sevindirir. Təşkilatımız yaradılmış geniş imkanlardan istifadə edərək öz Nizamnamə fəaliyyətini daim günün tələbləri səviyyəsində qurmağa çalışır. Ayparaçılar ictimai və iqtisadi proseslərdə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi kursa uyğun olaraq, aparılan məqsədyönlü islahatların gerçəkləşməsində yaxından iştirak edir, humanitar sahədə işlərin aparılmasında hökumətə müvafiq dəstək olmağa çalışır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının respublikada yeganə təmsilçisi kimi humanitar sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bu məqsədlə çoxsaylı tədbirlər həyata keçirir. Təşkilatın xətti ilə qaçqın və məcburi köçkünlərə, tənha və kimsəsizlərə, əlillərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara və sosial qayğıya ehtiyacı olan digər vətəndaşlara maddi-mənəvi dəstək göstərilir. Milli Cəmiyyətin üzvləri və könüllüləri vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə yanaşı, hökumətin humanitar yönümlü layihələrində fəal iştirak edir, həmçinin xarici ölkələrdə təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardımlar göstərir.

COVID-19 pandemiyası, 44 günlük müharibə dövründə, eləcə də Ağdam-Xankəndi yolundakı hadisələr dövründə daim öndə olan Cəmiyyətimizin təmsilçiləri və könüllüləri humanitar missiyaları ilə fəxr edirlər.

Cəmiyyətimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü olaraq, Azərbaycanı beynəlxalq tədbirlərdə də layiqincə təmsil edir.

Cəmiyyətimizə öz missiyasına uyğun fəaliyyəti həyata keçirmək üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Xüsusilə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təşkilatımızın maddi-texniki bazası gücləndirilib. Hər il ölkəmizdə martın 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi dövlət başçısı tərəfindən fəaliyyətimizə verilən ən yüksək qiymət kimi bizim üçün çox əzizdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 350 min üzvü və 25 minə yaxın könüllüsü var. Onların hamısının yekdil mövqeyi belədir ki, Azərbaycan əldə etdiyi bu möhtəşəm uğurları davam etdirməli, möhkəmləndirməlidir. Biz bu dəfə də Prezidentliyə namizəd, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevi müdafiə edirik, onunla bir yerdə olduğumuzu elan edirik. Azərbaycan ayparaçıları 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs verməyə çağırır.

Biz öz seçimimizi etdik! Azərbaycanı qələbədən qələbəyə aparan milli lider - İlham Əliyev bu seçkilərin qalibi olmağa hamıdan çox layiqdir, bu, onun tam haqqıdır!”.

11:14

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu dəfə də Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bəyan edir.

Son xəbərlər

Orphus sistemi