Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərdiyi içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir.
“Report”un Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan TIR-lar avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Onlar bildirirlər ki, artıq on iki gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir. Qeyd edirlər ki, gətirdikləri ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb.