"2016-2018-ci illər ərzində Azərbaycan Respublikasında qanunsuz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində çoxsaylı görüşlər və maarifləndirmə tədbirləri keçirilib və keçirilən görüşlər nəticəsində ümumilikdə 389 nəfər qəbul edilib”.
“Report”un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.
O qeyd edib ki, həmin şəxslərdən 194 nəfərin leqallaşdırılması istiqamətində işlər görülüb.
“Ölkə ərazisində qeydə alınan vətəndaşlığı olmayan şəxslərlə bağlı yekun siyahının dəqiqləşdirilməsi və növbəti 3 (üç) il ərzində onların naturalizasiyasının təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq təhlillər aparılıb. Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş 494 nəfərin ünvanlarına müvafiq məktublar göndərilərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunub. Bu müddət ərzində 2019-cu il oktyabr ayının 7-dən hazıradək (18 dekabradək) Azərbaycan Respublikasında yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilib. Eləcə də, həmin müddət ərzində 52 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş şəxs, 34 nəfər isə vətəndaşsızlıq vəziyyətində olan şəxs (cəmi 86 nəfər) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub”, - R.Talıbov bildirib.