Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq yeni seysmik stansiyalar alınıb.
Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı məlumat verib.
Onun sözlərinə görə, həmin layihə çərçivəsində alınan 22 seysmik stansiyalar ölkəmizə gətirilib. V.Rafiqqızı bildirib ki, hazırda həmin stansiyaların yerlərdə quraşdırılması ilə bağlı sənədləşmə işləri davam edir və yaxın günlərdə stansiyaların quraşdırılmasına başlanılacaq.
"Məlumat üçün deyim ki, həmin stansiyalardan 12-i Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında yerləşdiriləcək (artıq yerlər seçilib). Bu stansiyalar vasitəsi ilə RSXM-nin Monitorinq Mərkəzi tərəfindən palçıq vülkanlarının püskürməsi, dinamikası və orda gedən proseslər müşahidə ediləcək və bu unukal bir tədqiqat metodudur. Demək olar ki, bu tədqiqatlar MDB məkanında ilk olaraq Azərbaycanda aparılacaq. Qalan 10 seysmik stansiya isə respublikamızın ayrı-ayrı rayonlarında yerləşdiriləcək və beləliklə RSXM-nin seysmik stansiyalarının sayı 84-ə çatacaq. Məlumat üçün onu da deyim ki, 22 seysmik stansiyanın alınmasına heç bir dövlət vəsaiti xərclənməyib və bu stansiyalar qrant layihəsi çərçivəsində alınıb", - Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmisi əlavə edib.