Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə İran məsuliyyət daşıyır.
"Report" xəbər verir ki, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu şərh edərkən deyib.
O bildirib ki, son 2 ildə bu Azərbaycanın diplomatik missiyasına edilən sayca 5-ci hücumdur: "Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib. Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır".
"İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Azərbaycana qarşı İranda əks təbliğat kampaniyasından və daha əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Bu iranlı və ermənilər tərəfindən Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı digər ölkələrə də aiddir" - F.Şəfiyev əlavə edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.