Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib

Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib 8-10 sentyabr tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının Avropa Bölməsinin Konfransı keçirilib.
Daxili siyasət
14 Sentyabr , 2024 20:27
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib

8-10 sentyabr tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının Avropa Bölməsinin Konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Zahid Məmmədov və Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov iştirak ediblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə keçirilən konfransda Avropa İnsan Hüquqları Məhkəməsinin sədri, Avropa Ədalət Məhkəməsinin vitse-prezidenti, İrlandiya Respublikasının Ali Məhkəməsinin sədri, baş prokuroru, ədliyyə naziri, Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının sədri, BMT QAK-ın, Avropa İttifaqının Sığınacaq Agentliyinin nümayəndələri, habelə 20-dək Avropa ölkəsinin qaçqın və miqrasiya məsələləri üzrə mübahisələrə baxan inzibati və digər ixtisaslaşdırılmış məhkəmələrinin hakimləri iştirak ediblər.

Tarixi Dublin qalasının Hibernia Konfrans Mərkəzində keçirilən tədbirin əsas mövzusu Avropa ölkələrində artan miqrasiya prosesləri fonunda məhkəmələrdə qaçqın statusunun verilməsi və miqrasiya məsələləri ilə bağlı mübahisələrə baxılması təcrübəsi, bu sahədə Avropa İnsan Haqları Məhkəməsinin cari presedent hüququndan irəli gələn məsələlər olub. Mövzu üzrə müxtəlif ölkələrdən olan məruzəçi hakimlər aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Ölkəmizi təmsil edən hakimlər təqdim edilən mövzular üzrə keçirilən müzakirələrdə iştirak ediblər, eyni zamanda tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, inzibati məhkəmələrin fəaliyyəti, qaçqın statusunun verilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi, hakimlərin seçki prosesi barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi