Azərbaycanlılara qarşı soyqırımı planının tərkib hissəsi: Qaradağlı faciəsi - Şahid və müstəntiq danışır

Azərbaycanlılara qarşı soyqırımı planının tərkib hissəsi: Qaradağlı faciəsi - Şahid və müstəntiq danışır Ötən əsrin əvvəllərindən azərbaycanlılara qarşı baş verən sistemli və planlanmış soyqırımı aktları geniş vüsət almışdı. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyça
Daxili siyasət
30 Mart , 2024 16:40
Azərbaycanlılara qarşı soyqırımı planının tərkib hissəsi: Qaradağlı faciəsi - Şahid və müstəntiq danışır

Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı sistemli və planlanmış soyqırımı aktları geniş vüsət almışdı. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşeviklər və "Daşnaksütyun"dan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar 1987-ci ildən etibarən təqiblər və yeni qırğınlar, soyqırımları ilə yenidən alovlanmışdı. Həmin qətliamlardan biri də 1992-ci il fevralın 17-də - hərbi birləşmələri fevralın 14-də Rusiyanın Xankəndidə yerləşdirilən 366-cı motoatıcı alayının hərbi qüvvəsi və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndində həyata keçirilib.

Həmin hadisələr barədə Qaradağlı faciəsinin şahidi İlqar Hüseynov “Report”a açıqlamasında deyib ki, 1987-ci ildən ermənilərin azərbaycanlıları təqibi Qarabağ və ətraf rayonlarda onlar tərəfindən bir sıra qətllərin törədilməsi ilə başlayıb: “Qaradağlı faciəsinin törədilməsi də məhz belə bir hadisə fonunda həyata keçirilib. Belə ki, 1990-cı ilin noyabr ayının 9-da Bakıdan Qaradağlıya gəlmiş mebel maşınının önü geri qayıdarkən Xocavənd istiqamətində ermənilər tərəfindən kəsilir. Bu zaman kəndimizin sakini Xandəmir Hüseynov də onlarla Bakıya gedirmiş. Ermənilər avtomobildəki üç nəfəri qətlə yetirmiş, sinələrinə də qızdırılmış dəmir xaçla dağ çəkmişdilər. 1991-ci ilin yanvarında Ağdamdan Qaradağlı kəndinə gələn “UAZ” markalı avtomobili də arxadan avtomat atəşinə tutmuş, sürücüsü Soltan Bayramov şəhid edilmişdi. Sözügedən hadisələr baş verdikcə kənd əhalisinin təhlükəsizliklə bağlı artan narahatlığı vəziyyəti get-gedə daha da çətinləşdirirdi. Biz kömək barədə paytaxta müraciətlər göndərirdik, sizə kömək göndəriləcək deyilsə də, lakin heç bir kömək gəlmirdi”.

Qaradağlı kənd sakini bildirib ki, beləliklə, 1991-ci ilin iyun ayında Qaradağlı kəndi ermənilər tərəfindən güclü atəşə tutuldu: “Kənddə böyük bir ferma var idi, kənd ermənilər tərəfindən hər dəfə atəşə tutulanda həmin fermaya köməyə gedirdik. Səhərə yaxın silah səsləri kəsildikdən sonra fermaya üz tutanda gördük ki, fermanın yanında işçilərin qalması üçün nəzərdə tutulan binada 3 qadın və 3 kişi olmaqla 6 nəfəri yaşadıqları yerdəcə qətlə yetiriblər. 1991-ci il sentyabrın 8-də Qaradağlıdan Ağdama gedən avtobusu da eyni tale gözləyirdi. Ermənilər 41 azərbaycanlını silah atəşinə tutmaqla 8 nəfəri şəhid etmişdilər. Burada şəhid olanlardan çoxu qadın idi. Sözügedən hadisələrin fonunda hər yerlə əlaqəmiz kəsilmişdi, mühasirə şəraitində yaşayırdıq. 1991-ci ilin noyabrında yardıma gələn helikopterin vurulması ilə artıq kəndə havadan da kömək edilməsi mümkün görünmürdü”.

“Artıq kənddə 118 nəfər qalmışdıq, müqavimətimiz də qırılmışdı. 1992-ci ilin fevral ayının 14-15-nə keçən gecə Qaradağlı kəndi dörd bir tərəfdən atəşə tutuldu. Bizim elə də güclü silahlarımız yox idi, ona görə lazımi müqaviməti göstərə bilmirdik. Artıq fevralın 16-sı 8 azərbaycanlı ermənilərlə döyüşdə həlak olmuşdu. Elə məhz həmin gün günorta saatlarında Xankəndi istiqamətindən ağır texnikalarla kəndə hücum etdilər. Müqavimət göstərsək də, şəhidlərimiz var idi və gərəkli texnikamız, silahlarımız olmadığı üçün müqavimətimiz nəticəsiz idi. Qaradağlıda yerləşən kolxoz binasına girməyə qərar verdik. Bura tuşlanan ağır texnikalardan açılan atəş nəticəsində bina uça bilərdi. Bununla həlak olacaq və düşmən əlinə keçməyəcəkdik, məqsədimiz bu idi. Lakin biz həmin binada olarkən ermənilər dayandılar və təslim olsaq, bizi erməni əsirlərlə dəyişəcəklərini dedilər”,- o qeyd edib.

Faciə şahidinin sözlərinə görə, onlar bir neçə saat ərzində ermənilərlə razılaşmayıblar: "Yaralılarımız vardı, həmçinin patronumuz bitmiş, müqavimət göstərmək üçün silah-sursatımız qalmamışdı. Beləliklə, məcbur qalaraq təslim olduq. Yaralıları elə gözümüzün önündəcə öldürdülər. Daha sonra bizi maşınlara doldurub apararkən yolda avtomobili saxlayıb 10 nəfəri də yolda güllələdilər. Qardaşımla mən eyni avtomobildə, əmilərim və anam isə başqa avtomobildə idik. Avtomobil mənzil başına çatana kimi 33 nəfər fərqli-fərqli şəkillərdə qətlə yetirildi. Bəziləri güllələndi, bəzilərinin başı kəsildi, bəziləri isə ağacla döyülərək öldürüldü. Xankəndinin girişinə çatanda daha iki nəfəri şəhid etdikdən sonra bizi burada yerləşən bir zirzəmidə həbs etdilər. İki gün ard-arda 5 nəfəri zirzəmidən çıxararaq harasa apardılar. Bu gün də həmin insanların taleyindən xəbərdar deyilik. 1992-ci ilin fevral ayının 24-dək 8 nəfər zirzəmidə qaldıq. Ayın 24-ü mən də daxil olmaqla dörd nəfəri zirzəmidən çıxararaq köhnə Pedaqoji İnstitutun qarşısında yerləşən təcridxanaya gətirdilər. Geridə zirzəmidə qalanlardan biri əmim nəvəsi, digəri isə qonşumuz idi. Onların da taleyi bizə məlum deyil”.

İ.Hüseynov təcridaxanada ac-susuz saxlanıldıqlarını deyib: “Sutkada sadəcə bir dəfə 50 qramlıq arpa çörəyi verirdilər. Burada qalanlardan 8 nəfər aclıqdan öldü. Bununla belə işgəncələr də davam edirdi. Demək olar hər gün bizi döyürdülər, lakin mart ayının 19-u bizi vəhşicəsinə döydülər və bu zaman əsirlərdən bir nəfər də həlak oldu. Martın 31-dək bu işgəncələr davam etdi. Heç vaxt unutmaram, ermənilərdən biri fevralın 25-i bizi döyərkən dedi ki, bu gün Xocalını da sizin gününüzə salacağıq. Təcridxanadan Xocalıya gedən küçəyə kiçik pəncərə açılırdı. Həmin gecə o yoldan Xocalıya gedən 96 ağır texnika saydıq. Səhəri gün yanımıza Xocalıdan da əsirlər gətirdilər. Onlardan bütün ailə üzvlərini itirənlər vardı”.

Qaradağlı qətliamının şahidi əlavə edib ki, həmin vaxt Qızıl Xaç Komitəsinin nümayəndələri saxlanıldıqları təcridxanaya baş çəkiblər: "Bu zaman məktub yazıb yerimizi dedik və bildirdik ki, burada əsir saxlanılırıq. Əsirlikdən sağ çıxa bilməyimiz sadəcə erməni əsirlərlə dəyişdirilməyimiz nəticəsində mümkün ola bilər. Milli Qəhrəman Allahverdi Bağırovun sayəsində nəhayət 1992-ci ilin mart ayının 31-də bizi Xocalıya, oradan isə Ağdama gətirdilər və 9 azərbaycanlı əsiri 9 erməni əsirlə dəyişdilər. Bizimlə birgə 11 şəhidimizin cənazəsi də Azərbaycan tərəfinə təhvil verildi. O zaman 34 yaşım var idi və aclıqdan, işgəncələrdən 42 kiloqram çəkiyə düşmüşdüm. Məndən 3 gün sonra anam da əsirlikdən azad edilmişdi”.

Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, birinci dərəcəli hüquqşünas Coşqun Nəcəfov "Report"a bildirib ki, 1991-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Nəriman Nərimanov adına kolxoza məxsus mal-qara fermasının işçilərinin yaşadığı birmərtəbəli beşotaqlı evə erməni silahlı dəstələri tərəfindən hücum edilməsi nəticəsində 6 şəxsin qətlə yetirilməsi, 4 şəxsin xəsarət alması, kolxoza məxsus iribuynuzlu heyvanların oğurlanması faktları üzrə toplanmış materiallar əsasında 29 iyun 1991-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada, yəni 2000-ci ilə qədər qüvvədə olmuş) 70-ci 88-1, 94.4 və 94.6-cı maddələri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən olunub ki, baş vermiş hadisə nəticəsində Xocavənd rayonu Qaradağlı kənd sakini Tağıyev Bəki Qaçay oğlu, Məmmədov Tovhid Cəlil oğlu, Şirinov İltifat Əjdər oğlu, Şirinova Qaragöz Habil qızı, Hüseynova Səbiqə Mürsəl qızı və Hüseynova Məxmər Məcid qızı fermanın binasında qəsdən öldürülüb, üç nəfərin meyiti öldürüldükdən sonra sözügedən binada olan qaz balonu vasitəsilə yandırılıb.

Coşqun Nəcəfov
Coşqun Nəcəfov

"Kənd sakinləri Tağıyeva Mənzər Allahverdi qızı, Tağıyev Talıb İnqilab oğlu, Hüseynova Aytəkin Almazxan qızı, Tağıyev Qalib İngilis oğluna xəsarət yetirilib. Həmin gün Qaradağlı kəndinə hücum nəticəsində də eyni zamanda 11 kənd sakininə məxsus əmlaka maddi ziyan dəyib. Cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmış, Xocavənd rayonunun erməniəsilli sakinləri ilk olaraq törətmiş olduqları cinayət əməlini etiraf etmiş, daha sonra istintaqdan yayındıqları üçün 2 aprel 1992-ci il tarixdə cinayət işi üzrə icraat təqsirləndirilən şəxslərin olduqları yerin müəyyən edilməməsi əsasına görə dayandırılıb.

Nəhayət, 13 oktyabr 2005-ci il tarixində həmin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib və sözügedən cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrinə tövsif edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir. Bəhs olunan cinayət işi ilə əlaqədar bir çox erməniəsilli şəxslərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilməsi haqqında qərarlar qəbul edilib”, - hüquqşünas qeyd edib .

Xatırladaq ki, ermənilər tərəfindən törədilən soyqırımı zamanı Qaradağlı kəndində 91 kənd sakini, yəni hər 10 nəfərdən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Bu faciədən sonra kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.

Son xəbərlər

Orphus sistemi