Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Məmmədov Emin Səlhab oğlu 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
O, ötən il Mədəniyyət Nazirliyinin rəhbərliyinin müvafiq əmri ilə Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
Xatırladaq ki, bundan əvvəl "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov olub. O, bu il yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.