Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra məhdudiyyətlər qüvvədə qalacaq.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarda qeyd edilib.
Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;
- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;
- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;
- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
- 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.