2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Sentyabrın 26-da Bakıdan Xankəndiyə növbəti humanitar yardım göndərilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir. Humanitar yardım Xankəndiyə çatdırılacaq.
Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.