Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən konfransda İcra başçısı Faiq Qürbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, idarə, müəssisələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Qürbətov bildirib ki, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir:
"Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu".
Tədbir çıxışlarla davam etdirilib və çıxışçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.
Qeyd edilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.