Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BQXK-dan bildirilib.
Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb: "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslər bunlardır- Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan ,separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyandır. Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.