23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
"Report" xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir. Qanunun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.
2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 12,3 faizi 5-ci təsnifatı, 8,4 faizi 6-cı təsnifatı, 48,8 faizi 7-ci təsnifatı, 20,6 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir. Dövlət qulluqçularının 6,3 faizi 1 ilədək, 25,2 faizi 1 ildən 5 ilədək, 24,4 faizi 5 ildən 10 ilədək, 17,8 faizi 10 ildən 15 ilədək, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,7 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 16,8 faizini 30-34 yaşda, 14,8 faizini 35-39 yaşda, 12,3 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,9 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 1,8 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.