"Ağalıda yaradılan şəraiti, təmiz havanı və suyu qoyub heç yerə getmək niyyətində deyiləm".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakini Kənan Nəbiyev deyib.
Onun sözlərinə görə, Ağalıya ilk qayıdan ailələrdən biri də onun ailəsidir.
Kənan 1997-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda doğulub. Ailədə iki qardaşdırlar. Əvvəllər Ağalını görməsə də, valideynlərindən eşitdikləri onda Ağalı kəndinə qarşı böyük bir sevgi hissi yaradıb.
"Ata-anamın hər zaman Ağalı ilə bağlı dedikləri yaddaşımda silinməz iz buraxırdı. Nə zamansa bu kəndi görəcəyimə inanırdım. Müharibədən sonra ilk olaraq Ağalının bərpa olunması xəbərinə çox sevindim. Valideynlərimi təhrik edirdim ki, nə olur-olsun, ilk köçənlərdən biri biz olaq. Nədənsə həmişə mənə elə gəlirdi ki, görmədiyim Ağalının havasından udub, suyundan içmişəm. Nə hissdir bilmirəm. Amma bunu bura köçən günə qədər hiss edirdim. Təbii ki, valideynlərimin də söhbətləri buna təsir edirdi", - deyə o bildirib.
K.Nəbiyev əlavə edib ki, hazırda Ağalı kəndini dünyanın ən gözəl məkanı bilir, burada yaradılan şəraiti, təmiz havanı və suyu qoyub heç yerə getmək niyyətində deyil: "Biz Bakıdan çıxanda ürəyimdə bir rahatlıq var idi. Elə bil bu yurddan uzaqda olmağımızın üzərindən illər keçməyib. Mənə deyirdilər ki, belə rahat olmağına baxma, Bakı üçün darıxacaqsan. Amma heç də elə olmadı. Burada doğulmasam da, indi hiss edirəm ki, Ağalıdan kənarda yaşaya bilmərəm".
Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür.
30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.
Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.
Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.
Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.