Cəbrayılda günlərimiz daha da gözəl olacaq.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva deyib.
O, hədsiz sevincini büruzə verib:
“Cəbrayılımıza köçürük. Otuz ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız geri alındı. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun”.
Səkinə Musayeva həmişə Cəbrayıla qayıdışını arulayıb:
"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Şükür Allaha, o kömək dursun bizim prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib olsun".
Qeyd edək ki, bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb.