Cəlilabad rayonunun Dələli kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, əvvəlcə Vətən müharibəsi şəhidi Rahid Cəfərovun vəfatının ildönümü qeyd olunub.
Mərasimdən sonra Dələli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Ehtiram Eyvazovun və Teymur Alışovun, eləcə də İkinci Qarabağ müharibəsi şəhidi Rahid Cəfərovun xatirələrinə inşa edilmiş bulağın açılışı olub.
"Şəhidlər bulağı"nın açılış mərasimində rayonun rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə şəhid Rahid Cəfərov və bütün Qarabağ şəhidləri haqqında danışılıb, onların xatirəsinin hər zaman uca tutulacağı bildirilib.
Mərasim iştirakçıları cəsur döyüşçülərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarından, həmçinin müharibə iştirakçılarının göstərdikləri igidliklərdən söhbət açıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Talışın və Suqovuşanın azadlığı azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rahid Cəfərov 5 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rahid Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!