"Gəncədə dağıntıların baş verdiyi ərazidə olanda özümü müharibədə hiss etdim".
Bunu Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka "Report"un Qərb bürosuna verdiyi açıqlamada bildirib.
Vətən Müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkən çexiyalı gördüklərindən çox üzüldüyünü qeyd edib.
"Müharibənin qurbanları dinc sakinlər, əsasən də uşaqlar olmamalıdır. Mən dağıntılar olan ərazidə uşaq oyuncaqlarını gördükdə çox sarsıldım. Sivil insanlara qarşı raket zərbələri endirmək yolverilməzdir. Mən müharibə görməmişəm, lakin burda olanları görəndə dəhşətləri yaşamış kimi oldum", - R.Smolka bildirib.
Qeyd edək ki, bu gün Gəncədə "Müharibə cinayətləri: Mülki şəxslərə hücum" adlı beynəlxalq konfrans keçirilib.