Xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Azərbaycana yeni təyin edilən qeyri-rezident səfiri Perişa Kastratoviçi qəbul edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Perişa Kastratoviçi salamladı, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. Ölkələr arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq qeyd edilib. İkitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Nazir, həmçinin səfir Perişa Kastratoviçə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.
Səfir Perişa Kastratoviç ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyini vurğulayıb.
Tərəflər ikitərəfli münasibətlərin enerji, turizm, humanitar və digər sahələrdə inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.