Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha bir köç karvanı Ağalı kəndində çatıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, sentyabrın 10-da 13 ailədən ibarət növbəti köç karvanı 29 ildən sonra, işğaldan azad edilən doğma yurdlarına köçüblər.
Onları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.
Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi "Böyük Qayıdış"ın ilk qədəmləridir. Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.
Sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən Ağalıya altıncı köç karvanı yola salınıb.
Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yolasalma mərasimində Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Daha 62 nəfər – 13 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin ikinci mərhələsinin yekunudur. İndiyədək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.