"Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Gənclər Gününün tarixi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-cı ilin 2 fevral tarixində birinci Gənclər Forumu baş tutdu. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla isə Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix - 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul edilir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
“Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Gənclər üçün yeni imkanlar yaradılıb, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilib. Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda, Azərbaycanda bu sahədə işləyən 300-ə yaxın QHT fəaliyyət göstərir. Həmçinin dünyada gənclər siyasəti sahəsində fəaliyyət göstərən 20-dən çox gənclər təşkilatının idarə heyətində azərbaycanlı gənclər çalışır. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gənclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olunmasında dövlətin uğurlu gənclər siyasəti dayanır”, - deyə deputat vurğulayıb.
Şahin İsmayılov qeyd edib ki, gənclər hər zaman dövlətin diqqətini, xüsusilə Prezident İlham Əliyevin dəstəyini hiss edirlər: "Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib. Əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir".