2021-ci ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7 208 müraciət daxil olub.
DMX-dən "Report"a bildirilib ki, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq, araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Qeyd olunub ki, müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 4 125 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 372 qərar qəbul edilib.