"Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi də böyük hadisə idi. Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib.".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür", - dövlət başçısı bildirib.