Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, görüşdə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşlara Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.
Səfir Ceyms Şarp səmimi qəbula görə təşəkkürünü bildirib. O, regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı üçün şəraitin yaranmasını yüksək qiymətləndirərək, ölkəsinin davamlı sülhə dəstək imkanlarından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.