“Ulu Öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib".
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəhbərlik etdiyi qurumun və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.
O bildirib ki, Azərbaycan mətbuatı Ümummilli Liderin siyasi uzaqgörənliyindən irəli gələn dövlət maraqlarımızın qorunması, xalqın haqq səsinin dünyaya çatdırılması kimi əhəmiyyətli funksiyasını məsuliyyətlə yerinə yetirməkdədir: "Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla, dövlətçilik tariximizin canlı salnaməsini təşkil edib. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi, azərbaycançılıq ideologiyasının daha da kütləviləşərək xalqın özünü dərkində mühüm faktora çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsinin təzahürüdür. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi".
Ə.İsmayılov qeyd edib ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır: "Ulu Öndər jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. Onun 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub".
Ə.İsmayılov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb: "44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Təsadüfi deyildir ki, dövlət başçısı cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb".
"Prezidentin imzaladığı “Media haqqında” qanun ölkəmizin milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirməsinə ciddi töhfədir. Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük insanı həmişə qədirbilənliklə anacaqlar”, - o söyləyib.