Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün; bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu fərmanı ilə təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”nin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etsinlər və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Nazirlər Kabinetinə ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.