Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 2021-ci il mayın 20-də Moskva şəhərində “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Əqli Mülkiyyət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Anlaşma Memorandumu” imzalanıb.
Agentlikdən "Report"a verilən məlumata görə, memorandumu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov imzalayıblar.
Qeyd edək ki, əqli mülkiyyət sisteminin inkişafına göstərilən daimi dövlət qayğısı nəticəsində ölkəmizdə təkmil əqli mülkiyyət sistemi yaradılıb və geniş beynəlxalq əlaqələr qurulub. Bu əlaqələr çərçivəsində, o cümlədən Rusiya ilə ikitərəfli müstəvidə faydalı əməkdaşlıq həyata keçirilir. İmzalanmış memorandum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) arasında əqli mülkiyyət sahəsində əməkdaşlığa yeni təkan verəcək. Yaxın gələcəkdə əqli mülkiyyət hüquqlarının səmərəli qorunmasını təmin etmək üçün qarşılıqlı faydalı əlaqələr daha da inkişaf etdiriləcək, əqli mülkiyyət hüquqlarının səmərəli və adekvat qorunması ikitərəfli əməkdaşlığın inkişafı üçün zəruri şərt kimi qəbul ediləcəkdir.
Memorandumun məqsədi əqli mülkiyyət sahəsində ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığının həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması, müntəzəm peşəkar əlaqələrin qurulması və saxlanılmasıdır.
Memorandum çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən layihələrdə, proqramlarda və tədbirlərdə iştiraka dair məsləhətləşmərin keçirilməsi, layihələrin, proqramların və tədbirlərin işlənib hazırlanması və onların həyata keçirilməsi üçün zəruri maddi-texniki və informasiya dəstəyinin təminatı, elmi-praktiki fəaliyyətlərin prioritet istiqamətləri üzrə birgə elmi-metodiki, analitik, ekspert, təqdimat materiallarının dərcinin təşkili, əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlanması üzrə tədbirlərin təşkili, birgə maraqlar sahəsində operativ informasiya mübadiləsi, elmi-praktiki fəaliyyət sahəsində vahid informasiya mühitinin yaranmasına istiqamətlənən effektiv kommunikasiya formalarının işlənməsi, peşə maraqları sahəsində hüquqi münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması həyata keçiriləcəkdir.
Eyni zamanda, Memorandum mütəxəssislərin potensialının artırılması məqsədilə Əqli Mülkiyyət Agentliyi və Rospatent arasında qeyd edilən sahələr üzrə əməkdaşlığın həyata keçirilməsi prosesində milli və beynəlxalq elmi-praktiki konfransların, simpoziumların təşkilini və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.