Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Qayıbov 1979-cu ilin aprelin 24-də Bakı şəhərində anadan olub. O, 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.
1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. 2000-ci ildən 2001-ci ilə kimi Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.
2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. 2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib. 2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıyıb. 2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib. 2013-cü ildə Portoroj şəhərində keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.
2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşıyıb. 2014-2015-ci illərdə I Avropa Oyunları (Bakı-2015) çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərib. 2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib.
2015-2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə “Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.
2016-2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.
Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olub.
2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilib və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib.
2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.
Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
O, 2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.