"Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm".
"Report" xəbər verir ki, bunu fransalı jurnalist, "Şuşa- Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
![](https://static.report.az/photo/e89a27ea-9772-3a6d-8729-efb683e9fd2f.jpg)
Onun fikrincə, əsas məsələ odur ki, artıq Ermənistan da Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf edib: "İndi Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Azərbaycan Fransa ilə də yaxşı əlaqələrdə maraqlıdır. Ümid edirəm, gələcəkdə münasibətlərimiz daha yaxşı olacaq".
O bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir: "Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Bu siyasət qəbuledilməzdir. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq".